Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib.
Bu tarixin qeyd edilməsinin tarixi isə 1952-ci il 21, 22 fevral tarixində baş vermiş hadisə ilə bağlıdır. O dövrdə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 3 nəfər ölüb. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.